Diplomatiya, yoxsa savaş?| İranla bağlı qərar döyüş meydanında verilir

2025/06/1750049921.jpg
Oxunub: 502     11:12     16 İyun 2025    
ABŞ prezidenti Donald Tramp ötən gün bəyan edib ki, İsrailin zərbəsi nəticəsində İranla danışıqlarda iştirak edən və sərt xətt tərəfdarı olan bütün şəxslər öldürülüb. Tramp həmçinin bildirib ki, İrandan ona zəng edirlər və danışıqlara başlamaq istədiklərini bildirirlər. Ancaq ən azı rəsmi səviyyədə Tehran fərqli mövqe sərgiləyir – danışıqların mənasız olduğu bildirilir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, İsrailin hücumundan sonra ABŞ ilə danışıqların heç bir əhəmiyyəti yoxdur.

Böyük Britaniyanın xarici işlər naziri ilə telefon danışığı zamanı İranın xarici işlər naziri Əraqçi – eyni zamanda ABŞ ilə danışıqlar aparan nümayəndə heyətinin rəhbəri – bəyan edib ki, İran ona qarşı edilən “təmkin çağırışlarını” qəbul etmir. Onun sözlərinə görə, İsrail beynəlxalq hüququ kobud şəkildə pozub və İranın buna cavab vermək hüququ var.

Bu sərt bəyanatlar fonunda, bəs, diplomatiya barədə deyilən “xalçaaltı” müzakirələr mümkündürmü? Şübhəsiz ki, mümkündür. Xüsusilə də nəzərə alsaq ki, İranın Xarici İşlər Nazirliyi bəyan edib: ölkə diplomatik müstəvini tərk etmir. Əksinə, bu səylər görünür davam edir. Çünki heç bir müharibə yoxdur ki, onu müşayiət edən paralel və ya səhnəarxası diplomatiya olmasın. Təbii ki, bu diplomatik prosesin dinamikası müharibənin gedişatından asılı olacaq. Sözün çəkisi yalnız o halda artır ki, döyüş meydanında bu sözün arxasında real güc dayanır.

Lakin paralel diplomatik təşəbbüsləri əsas danışıqlar prosesi ilə eyniləşdirmək doğru olmazdı. Hazırda baş verən diplomatik təmaslar daha çox müharibənin müxtəlif ssenariləri şəraitində mümkün siyasi konfiqurasiyalara dair müzakirələrlə bağlı ola bilər. Əsasən, İranın nüvə proqramı məsələsi artıq hərbi müstəvidə həll olunmağa başlanıb. İran bu yolla ya nüvə dövlətinə çevrilmək “hüququnu” – heç olmasa de-fakto legitimlik çərçivəsində – “qazanacaq”, hərçənd bu status yaxın zamanda hər hansı hüquqi sənədlə rəsmiləşməyə bilər, ya da İran bu məsələdə tamamilə “beynəlxalq qərara” tabe olacaq ki, bu da təbii olaraq Tehrana belə bir hüquq qazandırmayacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Britaniya   ABŞ  


Bizi "telegram"da izləyin